Əminliklə söyləmək olar ki, dünya avtomobil həvəskarları BMW yeni 7-ci seriyanı səbirsizlilkə gözləyirdilər, həmçinin yerli BMW sevərlər də bu tarixi günü hələ uzun müddət unuda bilməyəcəklər. Yeni 7-ci seriyanın ilk təqdimatı Rusiyada Kreml sarayının qarşısında reallaşdı. Çox maraqlı bir mərasimlə yeni avtomobil ictimaiyyətə təqdim edildi. Amma bu mərasim müəyyən mənada formal xarakter daşıyırdı.
Noyabrın 12-də ölkəmizdə Konstitusiya Günü qeyd olunduğu bir tarixdə İmprotex Motors möhtəşəm bir tədbirlə yeni modeli təqdim etdi. Əslində bu tədbirin möhtəşəmliyi, nə təşkil olunmuş “Min bir gecə baleti”ndən fraqmentdə, nə Maestro Ceyhunun çıxışında, nə də Mübariz Tağıyevin ifasında idi.
Düzdür, bu məqamlar da çox orijinal və yaddaqalan oldu. Amma əsl möhtəşəmlik, təbii ki, yeni 7-ci seriyanın özündə idi.
Təqdimat mərasimindən öncə İmprotex Motors şirkətinin təmsilçiləri mətbuat konfransı keçirdi. Şirkətin baş meneceri Həsən İsmayılov bildirdi ki, hələ Avropada bu modelin təqdimatı iki gün sonra keçiriləcək: “Yerli BMW həvəskarlarını daha çox intizarda saxlamamaq üçün biz yeni 7-ci seriyanı bir qədər tez təqdim edirik. Azərbaycanda bu model çox sevilir. Ümid edirik ki, yeni 7-ci seriya da yeni texnologiyalarla, yüksək dinamikası və komfortu ilə alıcıların rəğbətini qazanacaq.
Daha sonra texniki servisin rəhbəri Ramil Səfərov çıxış etdi və bildirdi ki, yeni 7-ci seriya özündə bir çox yeni texnologiyaları birləşdirir. Elə bu səbəbdən yeni modelə texniki xidmət göstərilməsi üçün Almaniyadan texniki avadanlıq, kompüterlər və lazımi proqramlar alınıb. İmprotex Motors şirkətinin satış üzrə meneceri Bayram Yaqubov isə avtomobilin texniki parametrlərindən və qiymətindən danışdı. Ən diqqət çəkən məqam avtomobilin gəcə görünüşü sistemi ilə bağlıdır. Belə ki, avtomobil gecə, qaranlıqda hərəkət edən zaman 300 metr qarşıda insan hərarətini hiss edərək onun cizgilərini ekranda əks etdirir. Bu da insan vurulma ehtimalını sıfıra endirir. Digər bir məqam isə avtomobilin sükan çarxı ilə bağlıdır. Avtomobil aşağı sürətlə sola döndüyü halda arxa təkərlər sağa dönərək, dönmə prosesini asanlaşdırır.
Avtomobilin kifayət qədər uzun olmasına baxmayaraq dönmə göstəriciləri BMW 3-cü seriya ilə eynidir. Burda bir məqam da var ki, yüksək sürət altında qabaq təkərlər hansı istiqamətə dönürsə arxa təkərlər də o istiqamətə dönür və bununla həm sürüşmə təhlükəsi azalır həm də idarəetmə mükəmməlləşir. Mühərriklərə gəlincə, avtomobil Azərbaycana 3 mühərriklə — 730D (dizel), 740i və 750i (benzin) güc aqreqatları ilə idxal olunacaq. Avtomobilin baza komplektasiyasının qiyməti 118 000 manat, tam təchizatlı variantının qiyməti isə 158 000 manat təşkil edəcək. Bunun ardınca bədii hissəyə start verildi. “Min bir gecə baleti”ndən fraqmenti qonaqlar alqışlarla qarşıladılar. Bunun ardınca Maestro Ceyhun öz skripkası ilə qonaqları feyzyab elədi. Sonda isə Mübariz Tağıyev çıxış etdi.
Bu gedişatın fonunda qonaqların bütün diqqəti pərdənin arxasındakı yeni 7-ci seriyada idi. Qonaqlar çox səbirsizliklə pərdənin açılmasını gözləyirdi... və budur möhtəşəm an – möhtəşəm BMW yeni 7-ci seriya yeni zirvələri fəth etmək üçün gəlib. Tədbirdə iştirak edən qonaqlar yeni modellə tanış olmaq imkanı qazandılar. Qəzetimizin növbəti buraxılışlarında yeni modelin test-drive yazısı yer alacaq və dəyərli oxucularımız avtomobili daha yaxından tanımaq imkanı qazan